Azanın möcüzəsi

Nar dağında idik. Hava tam işıqlanmışdı. Tibb işçisi İbrahimin boynunun yarasını bağladı. Şəxsi heyəti mövqelərə bölür və ratsiyaya cavab verirdim. Birdən uşaqların biri qaçaraq gəldi və dedi: "Hacı! Hacı! Bir neçə iraqlı əllərini qaldırıb bu tərəfə gəlir". Onunla birlikdə təpənin göründüyü səngərlərin birinə getdik. Qarşıdakı təpədən təxminən iyirmi düşmən hərbçisi əllərində ağ parça bizə doğru gəlirdi. Tez dedim: "Uşaqlar, silahlı dayanın, bu, hiylə ola bilər". Bir neçə saniyədən sonra biri zabit olmaqla on səkkiz düşmən hərbçisi təslim oldu. İstiqamətimizdə əsir tutduğumuza görə sevindim. Öz-özümə düşündüm ki, uşaqların yaxşı hücumu onları qorxudub və təslim olublar. Onların arasındakı zabiti səngərə apardım. Ərəbcə bilən uşaqlardan birini çağırdım. – Adın nədir? Rütbəni və vəzifəni de. Özünü təqdim edib dedi: "Mayoram, təpədə və onun ətrafındakı şəxsi heyətin komandiriyəm. Biz Bəsrədəki ehtiyat diviziyasındanıq”. – Təpədə nə qədər canlı qüvvəniz var? – İndi heç nə. Təəccübləndim. – Heç nə?! – Biz idik və təslim olduq. Digərlərini də geriyə göndərdim. İndi təpə boşdur. Yenidən təəccüblə ona baxdım. - Nə üçün? – Çünki təslim olmaq istəmirdilər. Təəccübüm daha da artdı. – Necə yəni? İraqlı komandir mənə cavab vermək yerinə soruşdu: "Azançınız hanı?" Daha çox təəccübləndim. – Azançı?! Gözləri yaşardı, boğazını qəhər tutdu və danışmağa başladı. Tərcüməçi də cəld tərcümə edirdi. - Bizə demişdilər ki, siz məcusi və atəşpərəstsiniz və biz İslamdan ötrü hücum edib iranlılarla vuruşuruq. İnanın ki, bizim hamımız müsəlman və şiəyik. Biz komandirlərimizin araq içdiyini və namaz qılmadığını görəndə sizinlə vuruşmağa çox tərəddüd etdik. Bu gün səhər sizin döyüşçünün azan səsini eşidəndə vücudum titrədi, həzrət Əmirəlmömininin (ə) də adını çəkəndə öz-özümə dedim ki, sən öz qardaşlarınla vuruşursan. Birdən Kərbəla hadisəsi kimi...

Qəhərdən danışa bilmədi. Bir neçə dəqiqədən sonra sözünə davam etdi: "Buna görə qərara gəldim ki, günahımı ağırlaşdırmayıb təslim olum. Əmr etdim ki, heç kim atəş açmasın. Hava işıqlananda da hamını toplayıb dedim: "Mən iranlılara təslim olacağam, kim istəyirsə, mənimlə gəlsin". Bu gələnlər mənim əqidə dostlarımdır, digərləri geri qayıtdılar. Mən azançıya atəş açan əsgəri də gətirmişəm. Əmr etsəniz, onu öldürərəm. İndi xahiş edirəm, de görüm azançı sağdır, ya yox?” Başını itirmiş adamlar kimi iraqlı komandiri dinləyirdim. Heç bir söz deyə bilmədim. Bir müddət sükutdan sonra dedim: “Hə, sağdır”. Birlikdə səngərdən çıxıb İbrahimin yanına getdik. On səkkiz iraqlının hamısı İbrahimin əlini öpdü. Axırıncısı onun ayağına düşüb ağlayır və deyirdi: "Məni bağışla. Mən atəş açdım". Boğazımı qəhər tutmuşdu. Əməliyyat və şəxsi heyət yadımdan çıxmışdı. Əsirləri geri göndərmək istəyəndə komandirləri məni səsləyib dedi: "O tərəfə bax. Xüsusi təyinatlı batalyon və bir neçə tank gəlir". Sonra əlavə etdi: "Tez gedib təpəni tutun". Əndərzqu uşaqlarından bir neçəsini təpəyə göndərdim. Ora azad ediləndən sonra Nar bölgəsində əməliyyat tamamlandı. Xüsusi təyinatlı batalyon hücuma keçdi, amma bizim lazımi hazırlığımız olduğundan şəxsi heyətin çoxunu məhv etdik. Sonrakı günlərdə Mərivanda "Məhəmməd Rəsulullah (s)) əməliyyatı baş tutdu və İraq ordusunun Gilanqərbə təzyiqi azaldı. Hər halda, Vəlfəcr-hazırlıq əməliyyatı özünün bir çox məqsədlərinə nail oldu, ölkəmizin bir sıra bölgələri azad edildi. Baxmayaraq ki, Qulaməli Piçək, Camal Tacik və Həsən Balaş kimi komandirlər bu əməliyyatda şəhid oldular. İbrahim bir neçə gündən sonra tam sağalıb yenidən dəstəyə qatıldı. Həmin gün belə bir elan verildi: "Ey Mehdi, imdada yet" parolu ilə baş tutan Vəlfəcr-hazırlıq əməliyyatında İraq ordusuna məxsus on dörd batalyondan artıq canlı qüvvə məhv edildi, düşmən tərəfi ümumilikdə iki min ölü və yaralı verdi, iki yüz hərbçisi əsir tutuldu və iki təyyarəsi vuruldu".

***

Vəlfəcr-hazırlıq əməliyyatından beş il ötdü. 1987-cı ilin qışında Şələmçədə Kərbəla-5 əməliyyatında iştirak edirdik. Diviziyaların və əməliyyat kəşfiyyatının əməkdaşlıq işinin bir qismi bizə tapşırılmışdı. Mən Bədr diviziyasının uşaqları ilə danışmaq üçün oraya getdim. Qərara görə, hamısı ərəbdilli uşaqlardan və Səddama müxalif iraqlılardan ibarət olan bu diviziyanın batalyonları əməliyyatın ikinci mərhələsində hərəkətə keçəcəkdilər. Diviziya və batalyon komandirləri ilə söhbətdən sonra lazımi məsələləri razılaşdırıb hərəkətə hazırlaşdım. Bu zaman Bədr diviziyasının uşaqlarından birini gördüm. Uzaqdan baxa-baxa mənə yaxınlaşırdı. Bəsic üzvü idi. Mənə çatıb salam verdi və ərəb ləhcəsilə dedi: "Siz Gilanqərbdə deyildiniz?" Təəccüblə dedim: "Bəli". Fikirləşdim ki, yəqin qərb bölgəsinin uşaqlarındandır. – Vəlfəcr-hazırlıq yadınızdadır? Nar dağı, axırıncı təpə? Bir az fikirləşib dedim: "Aha". – Əsir düşən on səkkiz iraqlını xatırlayırsınız? – Bəli. Sevincək cavab verdi: "Onların biri mənəm". Təəccübüm daha da artdı. – Burada nə edirsən? – Hamımız bu batalyondayıq. Biz Ayətullah Həkimin zəmanəti ilə azad olunduq. O, məni yaxşı tanıyırdı. Danışdıq ki, cəbhəyə gələk və bəəsçilərlə vuruşaq. Mənə çox qəribə gəldi. – Bərəkallah! Sizin komandiriniz haradadır? – O da bu batalyonda fəaliyyət göstərir. İndi təmas xəttinə gedirik. – Özünüzün və batalyonunuzun adını bu kağıza yazın. İndi tələsirəm, əməliyyatdan sonra gəlib hamınızla görüşərəm. O, uşaqların adlarını yaza-yaza soruşdu: "Sizin azançının adı nə idi?" – İbrahim; İbrahim Hadi. – Bizim hamımız bu müddətdə onu axtarmışıq. Komandirimizdən xahiş etdik ki, onu mütləq tapsın. O Allah adamını bir də görmək istəyirik. Dinmədim. Boğazımı qəhər tutdu. Başını qaldırıb mənə baxdı. – İnşallah cənnətdə bir-birinizi görərsiniz. Çox narahat oldu. Kağızı mənə verdi. Mən də tez sağollaşıb yola düşdüm. Bu gözlənilməz görüş mənə çox maraqlı gəldi. Əməliyyat 1987-ci ilin martında başa çatdı və şəxsi heyətin çoxu məzuniyyətə yollandı. Bir gün əşyalarımın arasından həmin iraqlı əsirin, daha doğrusu Bədr diviziyasının Bəsic üzvünün yazısını görüb Bədr uşaqlarının yanına getdim. Diviziyanın başçılarından birini görüb kağıza yazılmış batalyonu soruşdum. Cavab verdi ki, bu batalyon buraxılıb. – Mən o uşaqları görmək istəyirəm. – Bu batalyon diviziya komandiri ilə birgə Şələmçədə İraqın ağır əks-hücumlarının birinin qarşısında müqavimət göstərdi, düşmənə ağır zərbə vurdu, amma geri çəkilmədi. Bir neçə saniyə dayandı. – O batalyondan heç kim sağ qayıtmadı. – Bu on səkkiz nəfər iraqlı əsirlərdən idilər, onların adları burada yazılıb. Mən onları görməyə gəlmişəm. Yaxınlaşıb siyahını məndən aldı, başqa birinə verib harasa yolladı. Həmin adam bir neçə dəqiqədən sonra qayıdıb dedi: "Bunların hamısı şəhid olub". Daha heç bir sözüm yox idi. Eləcə oturub fikirləşir və öz-özümə deyirdim: Gör İbrahim bir azanla nə etdi: Bir təpə azad olundu, bir əməliyyat qələbə çaldı, on səkkiz nəfər də Hürr kimi cəhənnəmdən çıxıb cənnətə getdi. Sonra həmin iraqlı döyüşçüyə sözümü xatırladım: "İnşallah cənnətdə bir-birinizi görərsiniz". İxtiyarsız olaraq gözlərimdən yaş axdı. Sağollaşıb oradan çıxdım. Şübhəm yoxdur ki, İbrahim harada azan verməli olduğunu yaxşı bilirdi. O bununla hələ qəlblərində iman işığı qalmış insanları hidayət edirdi.



 

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location