Nümunəvi müəllim

İbrahim deyirdi: "Əgər inqilabın yaşaması və sonrakı nəsillərin də inqilabçı olmasını istəyiriksə, məktəblərdə fəaliyyət göstərməliyik. Çünki ölkənin gələcəyi tağut dövrünün ağır şəraitindən xəbərsiz insanlara tapşırılacaq”. O, əsla inqilabçı olmayanların məktəblərdə müəllim çalışdığını görəndə çox narahat olurdu, düşünürdü ki, məktəblərdə, xüsusən də yuxarı siniflərdə ən yaxşı inqilabçılar dərs deməlidirlər. Məhz buna görə rahat işini buraxıb maaşı az, əziyyəti isə çox olan bir peşə fəaliyyətinə başladı. Onun fikirləşmədiyi yeganə şey maddiyyat idi. Deyirdi ki, ruzini Allah verir, pulun bərəkəti mühümdür və Allaha görə görülən iş səmərəli olar. O, iki məktəbdə tədrisə başladı. Əbu Reyhan liseyində idman müəllimi, məhrum bölgələrin birində də ərəb dili müəllimi idi. İbrahimin ərəbcə tədrisi çox uzun sürmədi, həmin ilin ortalarından daha o məktəbə getmədi. Bunun səbəbini də söyləmirdi. Bir gün məktəbin direktoru mənim yanıma gəlib dedi: "Sən Allah, siz ağa Hadinin qardaşısınız, onunla danışın, məktəbə qayıtsın”. Dedim ki, məgər nə olub? Bir qədər dayanıb dedi: "Düzü, ağa İbrahim öz cibindən şagirdlərin birinə pul verirdi ki, hər gün birinci tənəffüsdə pendir-çörək alıb gətirsin. O, uşaqların məhrum bölgədən olduqlarını nəzərə alırdı. Bilirdi ki, sinifdə əksəri acdır və ac uşaq dərsi başa düşməz". Direktor sözünə əlavə etdi: "Mən ağa Hadiyə etiraz edib dedim ki, məktəbimizin nizam-intizamını pozursan. Halbuki nizam-intizama heç bir xələl gəlməmişdi. Onun üstünə qışqırıb dedim ki, daha belə bir iş görməyə haqqın yoxdur. Ağa Hadi də məktəbimizdən getdi. İndi isə şagird və valideynlər məndən onu qaytarmağımı istəyirlər. Hamı onun əxlaqını və tədrisini tərifləyir. O, qısa müddətdə məktəbin bir çox yoxsul və yetim şagirdlərinə bəzi zəruri əşyalar almışdı. Bundan hətta mənim də xəbərim olmayıb". İbrahimlə danışıb məktəb direktorunun sözlərini çatdırdım, amma faydası olmadı. O, artıq vaxtını digər işlərlə doldurmuşdu. İbrahim Əbu Reyhan liseyində yalnız idman müəllimi yox, həm də əxlaq müəllimi idi. Öz müəllimlərinin çempionluğunu eşidən şagirdlər onu çox sevirdilər. Əksər inqilabçıların öz zahiri görkəmlərinə əhəmiyyət vermədikləri bir dövrdə İbrahim məktəbə yaraşıqlı geyimdə və kostyumda gedirdi. Gözəl və nurlu siması, səlis nitqi və yaxşı rəftarı onu ideal bir müəllimə çevirmişdi. Sinfi çox yaxşı idarə edir, yerində gülür, uşaqların diqqətini cəlb edirdi. Tənəffüs saatlarında məktəbin həyətinə çıxanda uşaqların çoxu onun başına toplaşırdı. Məktəbə hamıdan tez gəlib, hamıdan axırda gedirdi və ətrafı həmişə uşaqla dolu olurdu. Siyasi cərəyanların fəallaşdığı o dövrdə İbrahim inqilaba xidmət üçün ən yaxşı yeri seçmişdi. Yadımdadır, bəzi yuxarı sinif uşaqları siyasi cərəyanların təsiri altına düşmüşdülər. Bir axşam onları məscidə dəvət etdi, bəzi inqilabçı və məlumatlı dostlarla birgə sual-cavab məclisi təşkil elədi. Orada uşaqların bütün suallarına cavab verildi. Məclis bitəndə gecə saat iki idi. 1979-80-ci dərs ilində ağa Hadi nümunəvi müəllim seçildi. Həmin il onun ilk və son dərs ili oldu.1980-ci ilin sentyabrında İbrahim Tehranın 12-ci rayonu üzrə müəllimliyə qəbul olundu, amma müharibə başladığına görə dərs deyə bilmədi. Həmin il onun işi olduqca çox idi: məktəbdə tədris, komitədə iş, zorxana və güləş, məsciddə fəaliyyət, heyətdə məddahlıq və digər bir çox inqilab proqramlarında əməkdaşlıq.


Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location